📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Ekologiya mühəndisliyi üzvləri üçün ADSEA - Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə texniki gəzinti təşkil olundu!
Gəzinti sutəmizləyici qurğuların iş prinsiplərinin təqdimat vasitəsilə izahı ilə başladı. İştirakçılara içməli suyun mənbədən götürülməsindən başlayaraq mərhələli şəkildə təmizlənməsi, ultrasüzgəc texnologiyasının tətbiqi, dezinfeksiya prosesi və suyun keyfiyyətinə nəzarət mexanizmləri barədə ətraflı məlumat verildi. Həmçinin, iştirakçılar ultrasüzgəcdən keçmiş, tam təmizlənmiş içməli suyun dadına baxdılar və suyun keyfiyyətini yerində qiymətləndirdilər.
Ardınca iştirakçılar qurğulara baxış keçirdilər və sutəmizləmə prosesinin real iş mərhələlərini yerində müşahidə etdilər. Suyun ilkin təmizlənməsi, mexaniki və ultrasüzgəc mərhələləri, dezinfeksiya prosesi və son mərhələdə təmizlənmiş suyun paylanması barədə mütəxəssislər tərəfindən geniş izahlar təqdim olundu.
Gəzinti çərçivəsində kompleksin laboratoriyasına da səfər edildi. Laboratoriyada suyun keyfiyyətinin qiymətləndirilməsi üçün aparılan kimyəvi analizlərlə tanışlıq keçirildi. Burada qalıq xlorun miqdarının müəyyən edilməsi, suyun bulanıqlığının ölçülməsi, pH səviyyəsinin təyini, kalsium və maqnezium ionlarının miqdarının müəyyənləşdirilməsi, həmçinin xlorid, sulfat, nitrat və amonium kimi əsas qeyri-üzvi ionların analizi barədə həm nəzəri, həm də praktiki məlumatlar verildi. Ölçmə cihazlarının iş prinsipi və analiz nəticələrinin suyun keyfiyyətinə nəzarətdə rolu nümayiş etdirildi. Eyni zamanda istehsalat və laboratoriya təhlükəsizliyi qaydaları barədə də məlumat verildi.
Mütəxəssislərlə aparılan müzakirələr zamanı iştirakçılar sutəmizləmə proseslərinin texnoloji mərhələləri, tətbiq olunan kimyəvi analizlər və nəzarət mexanizmləri ilə bağlı suallarına ətraflı və əsaslandırılmış cavablar əldə etdilər.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin rəhbərliyinə göstərdikləri dəstək, ətraflı məlumatlandırma və qonaqpərvərlik üçün təşəkkür edirik.
Elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp / Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



January 03, 2026 - Paylaşdı: Admin