Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.
Mehriban Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra, Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş və 1988-ci ildə fərqlənmə diplomu ilə məzun olmuşdur. Tibbi təhsilini Moskva Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində davam etdirərək, oftalmologiya üzrə ixtisaslaşmışdır.
1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış və 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir. 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. Mehriban Əliyeva həmçinin, 2004-cü ildən UNESCO-nun və 2006-cı ildən ISESCO-nun xoşməramlı səfiridir. 2017-ci ilin fevral ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilmişdir.
Mehriban Əliyeva ölkəmizin sosial, mədəni və təhsil sahələrində böyük töhfələr verən, milli-mənəvi dəyərlərimizin qorunması və beynəlxalq arenada tanıdılması istiqamətində mühüm işlər görən bir şəxsiyyətdir. Onun rəhbərliyi altında həyata keçirilən layihələr, humanitar sahədəki fəaliyyəti Azərbaycan xalqı üçün yüksək əhəmiyyət kəsb edir.
Mehriban xanımı bu əlamətdar gün münasibətilə Azərbaycan Mühəndislər Birliyi təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və iş fəaliyyətində davamlı uğurlar arzulayırıq!
July 12, 2025 - Paylaşdı: Admin