[email protected] +994 99 303 07 01

Bərpa olunan enerji

Bərpa olunan enerji

Bərpa olunan enerji təbii mənbələrdən əldə edilən enerjidir və istehlak müddətindən daha qısa zaman ərzində bərpa olunur. Bu enerji mənbələrinə günəşin radiasiya enerjisi, külək, biokütlə enerjisi, qabarma-çəkilmə enerjisi, geotermal enerji, su və digər resurslar aiddir. Bərpa olunan enerji "alternativ enerji" də adlandırılır. Qlobal enerji tələbatının ödənilməsi üzrə su, külək və günəş enerjisi bərpa olunan enerji mənbələri arasında ilk üç yeri tutur. Hidroenergetika ən çox istifadə olunan alternativ enerji mənbəyidir və dünya üzrə gücü 1295 GVt-ı ötür, bu da dünyada ümumi elektrik istehsalı tutumunun 18%-dən çoxunu, qlobal bərpa olunan enerji istehsalı tutumunun isə 54%-dən çoxunu təşkil edir. Külək ikinci ən çox istifadə olunan bərpa olunan enerji mənbəyidir və qlobal külək enerjisi tutumu 2018-ci ildə 563 GVt-ı ötmüşdür. Günəş enerjisi dünya üzrə 486GVt-dan artıq tutumu ilə üçüncü ən böyük bərpa olunan enerji mənbəyidir. 

Bərpa olunan enerjinin üstünlükəri

Növündən asılı olmayaraq bütün bərpa olunan enerji mənbələrinin ənənəvi enerji mənbələri ilə müqayisədə bir sıra üstünlükləri vardır. Əvvəla, alternativ enerji mənbələri bərpa olunandır və tükənməzdir. Ənənəvi enerji mənbələri isə məhdud ölçüdədir və tükənəndir. Həmçinin, alternativ enerji mənbələri ekoloji cəhətdən səmərəlidir və atmosferin karbon qazı kimi zərərli tullantılarla çirklənməsinə səbəb olmur. 

Su enerjisinin üstünlükləri:

•Enerji istehsal etməkdən başqa, hidroenergetika qurğularının ətraf ərazilərdəki əkinlərin suvarılması üçün mənbə təmin etmək kimi mühüm faydası da var. Xüsusilə yağışın az olduğu ərazilərdə hidroelektrik anbarları təmiz və etibarlı şirin su mənbəyi kimi istifadə edilə bilər.

•Bir çox alternativ enerji mənbəyindən fərqli olaraq hidroenergetika qurğuları tələbat əsasında elektrik enerjisi istehsal etmək qabiliyyətinə malikdir.

Külək enerjisinin üstünlükləri:

•Külək turbinlərinin quraşdırılması baha olsa da, işə salındıqdan sonra əməliyyat xərcləri nisbətən aşağı olur və turbinlər istismar müddəti ərzində çox texniki xidmət tələb etmir.

•Külək stansiyaları böyük torpaq sahələrini əhatə etsə belə, bu sahədən səmərəli istifadə edirlər. Yəni, külək turbinləri üçün istifadə olunan torpaqlar kənd təsərrüfatı kimi başqa məqsədlər üçün də istifadə edilə bilər.

Günəş enerjisinin üstünlükləri:

•Günəş enerjisi son dərəcə çox yönlüdür və təkcə evlərimizə və məişət texnikamıza deyil, həm də şəbəkədən enerjinin ötürülməsinin qeyri-mümkün olduğu yerlərə, məsələn, şəbəkədən kənar bölgələrə, peyklərə və qayıqlara enerji verə bilər.

•Tamamilə günəş enerjisindən asılı olan bir ev şəbəkədən kənar işləmə qabiliyyətinə malikdir. 

Bərpa olunan enerjinin mənfi cəhətləri

Ənənəvi enerji mənbələri ilə müqayisədə bərpa olunan enerji mənbələrinin bir neçə mənfi cəhəti də mövcuddur. Bunlara bu mənbələrin səmərəliliyinin coğrafi mövqedən asılılığını, və bu mənbələrin enerjinin saxlanması texnologiyalarına həddən artıq ehtiyac yaratmasını aid etmək olar. 

Su enerjisinin mənfi cəhətləri:

•Su anbarı və ya nasosla işləyən su elektrik sistemləri çay sisteminin təbii axınını kəsir. Bu isə heyvanların miqrasiya yollarının pozulmasına, suyun keyfiyyəti ilə bağlı problemlərə və insanların və ya canlıların yerdəyişməsinə gətirib çıxarır.

•Stansiyanın fəaliyyəti havadan və yağıntı miqdarından asılıdır.

Külək enerjisinin mənfi cəhətləri:

•Külək turbininin elektrik enerjisi istehsalında effektivliyi hava şəraitindən asılıdır. Küləyin sürəti çox aşağı olarsa, turbinin rotoru fırlanmayacaq.

•Bir çox hallarda turbinlər və istehsal sahələri elektrik yaşayış məntəqələrindən uzaqda qurulmalıdır. Ona görə də daşıyıcı xətlərə zərurət yaranır.

Günəş enerjisinin mənfi cəhətləri:

•Günəş enerjisi texnologiyasının istehsalında bəzi ekoloji cəhətdən zərərli maddələrdən 

(qurğuşun, qalay, kadmium, silisium) istifadə olunur.

•Günəş işığı qeyri-məhdud olsa da, bu texnologiyanın istehsalı üçün tələb olunan materiallar məhduddur. Günəş enerjisi məhsullarının istehsalı üçün tələb olunan xammalın mövcud miqdarı gələcək tələbatı ödəmək üçün yetərli olmaya bilər.Ənənəvi enerji resurslarına nisbətdə bir sıra zəif cəhətləri olsa belə, alternativ enerjinin davamlı və ən əsası ekoloji cəhətdən təmiz olması səbəbilə gələcəkdə ən çox istifadə olunan enerji növü olması proqnozlaşdırılır. AB 2050-ci ilə kimi istixana qazlarının emissiyasını sıfıra endirməyi hədəfləyir, hansı ki alternativ enerji resurslarının ənənəvi resurslardan üstün tutulmasına gətirib çıxarır.